BEŞ ƏSR SONRANIN SƏDASI: MAQSUD ŞEYXZADƏNIN "NƏVAI" BALLADASI
Abstract
Maqsud Şeyxzadənin “Nəvai balladası” əsəri, Əlişir Nəvainin şəxsiyyəti, yaradıcılığı və bəşəri ideallarını poetik və fəlsəfi baxımdan işıqlandırır. Ballada Herat sarayının eyş-işrət və riyakarlıq dolu mühiti ilə Nəvainin mənəvi ucalığını qarşılaşdırır. Şeyxzadə Nəvainin “Xəmsə” əsəri və klassik filosoflarla dialoqu vasitəsilə onun universal və bəşəri dəyərlərini vurğulayır. Əsərin əsas ideyası insan ləyaqətinin, ədalətin və sənətin ucalığıdır. Ballada XX əsr Azərbaycan ədəbiyyatında klassik irsə ehtiram və onun aktual dəyərlərini çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Full text
186 BEŞ ƏSR SONRANIN SƏDASI: MAQSUD ŞEYXZADƏNIN “NƏVAI” BALLADASI Kəngərlinskaya Gülşən, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, Bakı, [email protected] Xülasə: Maqsud Şeyxzadənin “Nəvai balladası” əsəri, Əlişir Nəvainin şəxsiyyəti, yaradıcılığı və bəşəri ideallarını poetik və fəlsəfi baxımdan işıqlandırır. Ballada Herat sarayının eyş-işrət və riyakarlıq dolu mühiti ilə Nəvainin mənəvi ucalığını qarşılaşdırır. Şeyxzadə Nəvainin “Xəmsə” əsəri və klassik filosoflarla dialoqu vasitəsilə onun universal və bəşəri dəyərlərini vurğulayır. Əsərin əsas ideyası insan ləyaqətinin, ədalətin və sənətin ucalığıdır. Ballada XX əsr Azərbaycan ədəbiyyatında klassik irsə ehtiram və onun aktual dəyərlərini çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Açar sözlər: Maqsud Şeyxzadə, Nəvai, ballada, klassik ədəbiyyat, bədii təhlil, ədalət, insan ləyaqəti, Azərbaycan ədəbiyyatı. Xulosa: Maqsud Shayxzodaning “Navoiy balladasi” asari, Alisher Navoiy shaxsiyati, ijodiyoti va insoniy idealini poetik va falsafiy jihatdan yoritadi. Ballada Hirot saroyidagi shodiyonalar va riyakorlilik muhitini Navoiyning ma‟naviy yuksakligi bilan taqqoslaydi. Shayxzod Navoiyning “Xamsa” asari va klassik faylasuflar bilan muloqoti orqali uning universal va insoniy qadriyatlarini ta‟kidlaydi. Asarning asosiy g„oyasi inson qadr-qimmati, adolat va san‟atning yuksakligidir. Ballada XX asr O„zbekiston va xalqimiz adabiyotida klassik merosga hurmat va uning dolzarbligini yetkazish nuqtai nazaridan muhim ahamiyatga ega. Kalit so„zlar: Maqsud Shayxzoda, Navoiy, ballada, klassik adabiyot, badiiy tahlil, adolat, inson qadr-qimmati, O„zbekiston adabiyoti. Abstract Maqsud Sheykhzadeh‟s “Navai Ballad” illuminates Alisher Navai‟s personality, creativity, and humanistic ideals from both poetic and philosophical perspectives. The ballad contrasts the opulent and hypocritical environment of the Herat court with Navai‟s moral elevation. Sheykhzadeh highlights Navai‟s universal and humanistic values through references to his Khamsa and dialogues with classical philosophers. The main theme of the work is the exaltation of human dignity, justice, and art. The ballad holds significant importance in 20th-century Azerbaijani literature for its homage to classical heritage and its relevance to contemporary values. Keywords: Maqsud Sheykhzadeh, Navai, ballad, classical literature, literary analysis, justice, human dignity, Azerbaijani literature. Giriş:
187 Ədəbiyyat tarixi göstərir ki, bəzən bir şairin səsi əsrləri aşaraq gələcək nəsillərin qulağında yaşayır, insanlıq vicdanını oyadır. Əlişir Nəvai də məhz belə ölməz şəxsiyyətlərdəndir. Onun söz dünyası təkcə XV əsrin Heratında deyil, bu gün də bəşəriyyətin mənəvi sərvəti kimi səslənir. Maqsud Şeyxzadə (1908–1967) özbək ədəbiyyatında klassik irsə dərin hörmət və ehtiramla yanaşan şairlərdən biri olub. Onun yaradıcılığında Əlişir Nəvai şəxsiyyəti xüsusi yer tutur; Sovet dövründə də Əlişir Nəvai kimi dahilərin obrazı təkcə tarixi şəxsiyyət və böyük sənətkar olaraq deyil, həm də humanist idealların, ədalət və insanpərvərliyin simvolu kimi təqdim edilirdi. Nəvaişünas alim, şair Maqsud Şeyxzadə Əlişir Nəvainin həyat və yaradıcılığına həsr etdiyi silsilə tədqiqatlarını “Qəzəl mülkünün sultanı” kitabında toplamışdır. Həmin kitab bu il (Bakı, 2025) nəvaişünas alim Almaz Ülvinin tərcüməsində Azərbaycan oxucularına da çatdırılmışdır. Görkəmli şair Maqsud Şeyxzadənin 1939-cu ildə qələmə aldığı “Nəvai” balladasında böyük sənətkarın ölməzliyi tərənnüm edilir. Burada bir tərəfdə sarayın dəbdəbəsi, eyş-işrət məclisləri, digər tərəfdə isə xalqın vicdanını və sözün qüdrətini təmsil edən şair obrazı dayanır. Ballada Nəvainin böyüklüyünü yalnız bir dövrün deyil, əsrlərin və bəşəriyyətin ümumi dəyəri kimi təqdim edir. Əsas hissə: Əsərin adından göründüyü kimi, Maqsud Şeyxzadənin "Nəvai" balladası böyük şair və mütəfəkkir Əlişir Nəvaini tərənnüm edən təsirli poetik əsərdir. Balladada həm Nəvainin yaşadığı mühit – Herat sarayı və Teymuri dövrünün xüsusiyyətləri, həm də onun sənət qüdrəti, insanlıq və ədalət idealları poetik dillə təqdim edilir. Ballada Herat qalasında – qədim tarixi bir məkanda başlayır. Burada Sultan Hüseyn Bayqaranın saray həyatından danışılır. Bayqara müəyyən istedad sahibi olsa da, sarayında eyş-işrət, şərab məclisləri, musiqi və rəqs əsas yer tutur. Bu təsvirlər Teymuri dövrü sarayının dəbdəbəsini göstərməklə yanaşı, hökmdarın dövlət işindən uzaq, əyləncəyə meylli olduğunu da tənqid edir. Müəllif saray mühitini səthi, puç və mənasız bir həyat kimi təqdim edir. Bu mənzərədə təkcə bir güc ön plana çıxır – Nəvainin sözü. Şairin yaradıcılığında həm filosofların (Əflatun, Ərəstu, Loğman) ideyaları, həm də böyük şairlərin (Nizami, Xosrov, Hafiz) irsi ilə bağlılıq aydın görünür. Onun əsərlərində qəhrəmanlar dirilir: İskəndər döyüşə girir, zalımlar taxtdan düşür, Məcnun səhrada ah çəkir, Fərhad sevgisi uğrunda mübarizə aparır. Beləliklə, Nəvainin poeziyası həm tarixi, həm də əfsanəvi qəhrəmanları ölməzləşdirir. Nəvai balladada dünyanın ziddiyyətləri barədə suallar verir: Nə üçün hər rəngdən çoxdur qara rəng? Niyə bu dünyada yoxdur bir ahəng? Bu fəlsəfi suallar onun ədalət axtarışını, həyatdakı disharmoniyaya qarşı narazılığını göstərir. O qeyd edir ki, nə Aristotel, nə də İbn Sina bu sirri açmadı, bəlkə gələcək nəsillər cavab verəcək. Bu, şairin bəşəriyyətin inkişafına inamını nümayiş etdirir.
188 Şairi saraya dəvət edirlər. Onu böyük hörmətlə qarşılasalar da, Nəvai anlayır ki, bu hörmət saxta və qeyri-səmimidir. O, tənburu sinəsinə basaraq dünyanın dərdinisərini ifadə edən qəzəl oxuyur. Şairi hörmətlə qəbul etdilər, Ayağı altına gül döşətdilər. Gülər üz göstərdi şah, vəzir, vəkil, Bu, saxta gülüşdü, səmimi deyil. Şairin sözləri dərhal bütün məclisi ovsunlayır, sultanı və saray əyanlarını valeh edir. Bu məqamda müəllif göstərir ki, nə qızların gözəlliyi, nə musiqi, nə də şərab – heç biri Nəvainin poeziyasının qüdrəti ilə müqayisə oluna bilməz. Əsl dəyər şairin yaradıcılığındadır. əmçinin, balladada vurğulanır ki, bəzi gülüşlər saxta olsa da, şair onların zahiri hörmətini dərk edir və buna görə də sarayın münasibətini qəbul edir. Şairin saraya münasibəti və yaradıcılıq azadlığı belə təsvir edilir: Basdı sinəsinə tənburu şair. Kökləyib telləri, yoxladı bir-bir, İnlətdi çalğının pərdələrini, Vəsf etdi dünyanın dərdi-sərini: Mey için, çox arzular dünyada məhv olmaqdadır, Mey için, əhdində möhkəm, mötəbər, dustlər! Mey için, şükr eyləyin bir nazlı canan vəslinə, Kimsəsizlikdən Nəvai dad eylər, ey dustlər. Burada Nəvai sarayın himayəsi altında olsa da, öz şeirini oxuyur və dünyaya dair fikir və tənqidi mesajlarını ifadə edir. Bu, onun yaradıcılıq azadlığını qoruyaraq ictimai və əxlaqi mövqeyini ifadə etməsinin nümunəsidir. Sarayla qarşılıqlı faydalı münasibətə gəldikdə isə, Maqsud Şeyxzadə əsərdəki hadisələri belə davam etdirir: Hüseyn Bayqaradan alıb icazə, “Xudahafiz” deyir sərxoş məclisə. Axı, evdə onu gözləyirdilər: Məcnun, Leyli, Suheyl, Xosrov, İskəndər, Onun söhbətinə müştaq Nizami, Əflatun, Ərəstun, Firdovsi, Cami. Dostlar təzim edib ötürdü onu, Məşəllər nurlatdı şair yolunu. Bu misralar göstərir ki, saray Nəvainin şeirini və mədəni nüfuzunu qiymətləndirir, şair də saray üçün ədəbi və humanist rolunu yerinə yetirir. Hər iki tərəf bu münasibətdən fayda görür: Sultan mədəniyyətin təmsilçisini əldə edir, Nəvai isə şeir və təfəkkür azadlığını qoruyur. Qısaca, balladadan görünür ki, saray Nəvaiyə
189 hörmət göstərir, şair isə yaradıcılıq azadlığını qoruyaraq sarayla münasibətini balanslı saxlayır. Balladanın ən yüksək məqamında şair bədahətən belə bir misra yaradır: Saxla, Nəvai, füqəra şəstini, Baş əyərək, olma nökər şahlara! Burada şair, Nəvainin insan ləyaqətini hər şeydən üstün tutan, zülmə boyun əyməyən mövqeyini ifadə edir. Balladanın son bölməsində müəllif Nəvaini öz dövrü ilə qovuşdurur. Beş yüz il keçməsinə baxmayaraq, şairin idealları ölməzdir, onun qələmi xalqın vicdanı, eşqi və mənəviyyatıdır. Şeyxzadə beləliklə Nəvainin əbədiliyini tərənnüm edir. Bu əsər ilk olaraq, həm özbək mətbuatında, həm də Azərbaycan mətbuatında “Yoldaş Nəvai” (ballada) adı ilə nəşr olunmuşdur. Dövrün ictimai-siyasi görüntüsü, təbliğatı idi. Xüsusən, əsərin yazılma tarixinə nəzər salanda Stalin rejiminin qətliamların pik nöqtəsi – 1939-cu ilə təsadüf etdiyini müşahidə edirik. Sərlövhə sosializm realizm prinsiplərini izləsə də, məzmunda söz nəhəng Əlişir Nəvai görünür! Maqsud Şeyxzadənin “Nəvai” (ballada) əsəri 20 bənddən ibarətdir: hər bənd barədə oxucuda qısa təsəvvür yaratmaq fikri ilə aşağıdakı qısa təfsilatı diqqətə çatdırırıq: (1) Herat qalası və saray mühiti – Ballada, Herat şəhərindəki qədim qalada başlayır və Teymurun xələfi Hüseyn Bayqaranın sarayını təsvir edir. Saray əhli eyş-işrət içindədir. Əsas ideya ondan ibarətdir ki, tarixi fon və saray mühitinin mənəvi boşluğunu diqqətə çəkməkdir. Herat şəhərində qədim bir qala, Saysız əsrləri salmışdır yola. (2) Sultan Hüseyn Bayqaranın xarakteri – Sultan ədəbiyyata maraqlıdır, lakin mənəvi zəifliyi görünür. Əsas ideya ondan ibarətdir ki, Şahın zəifliyi ilə ədəbiyyatın müqayisəsi. Yenə də sərxoşdur Hüseyn Bayqara, Gözündə yer qara, göydə ay qara. (3) Saray məclisində eyş-işrət – İran və Əfqan qullar gümüş qədəhlərdə mey süzür, tənbur və rübabın səsi yüksəlir. Əsas ideya – Saray əhlinin səthi zənginlik və eyş-işrətə meyli. Gümüş qədəhlərə süzməkdədir mey. Ucalır tənburun, rübabın səsi. (4) Qızların rəqsi – hindli və Urgənc qızlarının rəqsini təsvir edir. Bəndin əsas ideyası - Eyş-işrət və vizual lüks göstərməkdir.
190 Süzüb rəqs eləyir hindli qızları, Bir də ki, Urgəncin şux ulduzları. (5) Nəvainin qəzəli ilə məclisi ələ alması – Nəvai bir qəzəl ilə məclis diqqətini cəlb edir. Burada əsas ideya şairin söz və sənət ustalığının tərənnümüdür. Budur, Əlişirin bir qəzəliylə. Alır bir xanəndə məclisi ələ. (6) Sultan və şairin fəryadı – Sultan Nəvainin fəryadına reaksiya verir, şairin təsiri hiss olunur. Əsas ideya – Şairin emosional pafosu və nüfuzunu göstərməkdir. Nəvai! Çatmadı fəryadə canan, Onun laqeydliyindən eylə fəryad! (7) Nəvainin mənəvi aləmi – Şair evində, yaşıl xiyabanlı dar küçədə təsvir olunur. Əsas ideya: Mənəvi və elmi zənginlik, yaradıcılıq mərkəzi. Ağır yuxulara dalmışdır Həri, Gözə yorğun dəyir o çoxdan bəri. (8) Nəvainin xəyalları – Səmərqənd, Rum, Gəncə, Krım – şairin geniş dünyagörüşü. Əsas ideya: Universal düşüncə və klassik irslə dialoq. Gəzir Səmərqəndi, dolaşır Rumu, Gəncəni, Şirvanı, gözəl Krımı. (9) Filosof və şairlərlə dialoq – Əflatun, Loğman, Ərəstu, Nizami, Hafiz ilə söhbət. Bəndin əsas ideyası elm və sənətin dəyərləndirilməsidir. Elmin mədənidir, filosofudur o, Həmdəmi Əflatun, Loğman, Ərəstu. (10) Tarixi və mifoloji qəhrəmanlar – İskəndər, Fərhad, Məcnun canlandırılır. Bəndin əsas ideyası tarixi və bəşəri dəyərlərin poetik əks-sədasıdır. Atlanıb döyüşə girir İskəndər, Düşür öz taxtından harın zalimlər. (11) Sevgi və qəm mövzuları məcmusunda Leyli, Məcnun, Fərhadın əzabları təsvir edilir. Əsas ideyası insan duyğularının poetik ifadəsidir. Qəfəsdə çırpınır o dərdli qumru, Məcnunun səhrada puç olur ömrü.
191 (12) Fəlsəfi suallar – Dünyada ahəng və rənglərin üstünlüyü barədə təfəkkür açıqlanır. Əsas məzmun: Dünyanın ahəngsizliyi, insan taleyi məsələsidir. Nə üçün hər rəngdən çoxdur qara rəng? Niyə bu dünyada yoxdur bir ahəng? (13) “Xəmsə”nin son hissəsi – Nəvai insan zəkasının xoş töhfəsini yazır. Bu bəndin əsas məzmunu yaradıcılığın davamlılığı və elmi-bədii dəyərindən bəhs edilir. “Xəmsə’nin son hissəsini, İnsan zəkasının xoş töhfəsini. (14) Saray yasavulu: Nəvai saray məclisinə çağırılır. Əsas ideya isə, şairin ictimai nüfuzu və hörməti haqqındadır. Qəflətən qapını döyür yasavul, Nə xəbər gətirmiş, görəsən, o qul? (16) Sarayda təntənəli qarşılanma: Şair ayağı altına güllər döşənərək qarşılanır. Burada əsas məzmun – Şairin mövqeyinin möhkəmliyi, xalqın və sənətin dəyəri. Ayağı altına gül döşətdilər. Gülər üz göstərdi şah, vəzir, vəkil. (17) Tənbur çalması: Nəvai dünyadakı dərd və sərini tənburla vəsf edir. Müəllif burada, usiqi və poeziya vasitəsilə insan təcrübəsinin ifadəsini təqdim edir. Basdı sinəsinə tənburu şair. Kökləyib telləri, yoxladı bir-bir. (17) Fəqirlərə tövsiyə: Şair baş əyməmək və nökər olmamaq barədə tövsiyə verir. Bəndin əsas ideyası iİnsan ləyaqəti və ədaləti haqqındadır. Saxla, Nəvai, füqəra şəstini, Baş əyərək, olma nökər şahlara! (18) Əbədilik və ideallar: Nəvainin idealları və misraları nəsillər üçün aktualdır. Əsas ideya: Tarixi irsin və idealların zamanlar fövqündə qalması. Əfsus, fərq arada düz beş yüz ildir, Dühan əsrlərcə sönən deyildir.
192 (19) Nəvai – xalqın vicdanı: Nəvai xalqın vicdanı və böyük vətəndaş kimi təqdim olunur. Əsas fikir – Nəvainin universal simvolikası, bəşəriyyətə mesaj. Xalqın vicdanıdır eşqin, qələmin, Böyük vətəndaşı sənsən ölkəmin. (20) Epiloq – əsərin aktual dəyəri – Nəvainin idealları və sənəti bu gün də canlıdır. Burada əsas ideya – tarixi irs və müasir dəyərlərin əlaqəsi. Yenə bizimləsən, canlısan yenə, Sənin böyüklüyün şərəfdir mənə. Nəticə: Maqsud Şeyxzadənin “Nəvai” balladası, şairin yalnız ədəbi və bədii fəaliyyətini deyil, həm də saray və hakimiyyətlə münasibətini əks etdirir. Ballada göstərir ki, Əlişir Nəvai saray tərəfindən böyük hörmət və ehtiramla qarşılanır, onun şeir və məsləhətləri Sultan Bayqara və saray əhlinin diqqətindədir. Eyni zamanda, Nəvai yaradıcılıq azadlığını qoruyaraq ictimai və əxlaqi məsələlərə toxunur, ədalətsizliyi və sosial problemləri şeir vasitəsilə tənqid edir. “Nəvai” balladası həm sarayla şair arasındakı qarşılıqlı hörmət və himayə münasibətini, həm də şairin yaradıcılıq və mənəvi müstəqilliyini göstərir. Əsər həm tarixi-mədəni bir tablo təqdim edir, həm də Nəvainin humanist, yüksək intellektual və əxlaqi mövqeyini ön plana çıxarır. Ballada eyni zamanda oxucuya ədəbiyyatın və mədəniyyətin cəmiyyətdəki rolu barədə dərin təsəvvür yaradır. Onun obrazı yalnız tarixi şəxsiyyət deyil, həm də çağdaş insan üçün nümunədir. Əsərin əsas dəyəri ondadır ki, Nəvainin irsini bu gün də aktual edən ideallar – ədalət, elm, insanpərvərlik, məhəbbət – Maqsud Şeyxzadənin poetik dili ilə bir daha ucaldılır. Bu ballada həm klassik irsə ehtiram nümunəsidir, həm də gələcək nəsillərə ünvanlanmış bir mənəvi vəsiyyətnamədir. ƏDƏBIYYAT 1. Maqsud Şeyxzadə. Seçilmiş əsərləri. 2 cilddə. I cild. (“Yoldaş Nəvai” ballada: tərcümə edən: Ələkbər Ziyatay) // tərtib edənlər: İzzət Sultan və Şöhrət. – Bakı, Azərnəşr, 1972. – 138 səh. (s.33-36) 2. Maqsud Şeyxzadə. Qəzəl mülkünün sultanı (monoqrafiya) // “Nəvai” ballada: tərcümə edən: Ələkbər Ziyatay) // tərcümə edən: Almaz Ülvi Binnətova. – Bakı,“Elm və təhsil”, 2025. – 416 səh. (s.23-28). 3. Almaz Ülvi (Binnətova). Azərbaycan - özbək (çağatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər). – Bakı, “Qartal” nəşriyyatı, 2008. – 334 səh. 4. İki xalqın oğlu – Maqsud Şeyxzadə // “Azərbaycan və özbək xalqının görkəmli oğlu M.Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə” adlı beynəlxalq elmi konfransın materialları (14 noyabr 2018-ci il) elmi redaktoru: akademik İsa Həbibbəyli. çapa hazırlayan, redaktor və ön söz müəllifi: Almaz Ülvi. – Bakı, “Elm və təhsil”, 2019. – 500 səh.